Milli Qəhrəman Mübariz İbrahimovun həyatı haqqında Bir igidin manifesti - Həyat Hekayəsi
Jurnalist deyil, oğlunu itirmiş valideynlərə başsağlığı vermək istəyən el adamı kimi getdim Mübarizgilə. Qardaşımla və təsadüfən Biləsuvar rayonunda dincəlməyə gəlmiş yazıçı Pərviz Cəbrayılla. Nə qara, rəsmi paltar geyindim, nə başımı örtdüm. Saxtakarlığın yeri deyildi. Qıvraq şalvarda, qoluaçıq köynəkdə getdim onun evinə. Üzümə baxacaqlarsa, elə bu paltarda baxsınlar. Yox, baxmayacaqlarsa, deməli, mən doğrudan da onun doğmalarının diqqətinə layiq deyiləm…
Əliabad kəndində Mübarizgilin evinin yerini bizə elə onun özü verdi. Yol uzunu bütün darvazalara vurulumuş şəkilləri tutub, getdik və Mübarizgilin evinə çıxdıq. Kasıb, səliqəsiz həyət. Həyətin yeganə lüksü olan daş hasarın isə Mübarizin ölümündən sonra tələm-tələsik hörüldüyü hiss olunur.
Bu gün düz 39-cu gündür ki, o şəhid olub. Sabah qırxıdır. Sabah yas çadırı, həyət, ev, küçə izdihamla dolacaq. Ağlaşma səsi, vurnuxma bu həyəti, yas çadırını, kəndi başına alacaq. Amma bu gün, Mübarizin ölümünün 39-cu günündə qurulub, hazır dayanmış yas çadırının altında atası Ağakərim kişi, qardaşı Bəhruz tək-təkcənə oturmuşdular, vəssalam.
Həyətə utana-utana keçdim. Camaatın oğlu ölmüşdü, mənsə başsağlığına gəlmişdim. Nə qədər böyük acizlik, nə qədər rəzil bir şeydi doğmasını itirmiş adama başsağlığı vermək. Bacarırdın, xilas eləyəydin, bacarmamısansa, bir qıraqda utan, vəssalam…
Salamlaşan kimi Ağakərim kişinin ürəkdən və əsl qonaqpərvərliklə dediyi «xoş gəlmisiniz» sözü məni şillə kimi tutdu. Pərvizlə qardaşım kişilərin yanında qaldılar. Mənsə biş-düş yerində əlləşən qadınlardan birinə qoşulub, içəri, Mübarizin anasının yanına getdim.
Məni içəri aparan qadın ən yaxın qohumların arasında oturan Şamama xalanı göstərib, «Mübarizin anası odur» dedi. Sakitcə, fağır-fağır oturan qadın başı ilə salamlaşdı. Yaxınlaşıb üzündən öpdum və yas məclisi üçün uyğun olmayan paltarıma görə qadınların hamısından üzr istədim. Tez-tələsik cavab verən isə elə şəhid anasının özü oldu:
- O nə sözdü, a bala?! Yaydı, istidi, hərənin də bir geyimi var, niyə üzr istəyirsən? Balamı istiyib gəlmisən, xoş gəlmisən. Otur, qızım, otur. Ay qız, ordan bir şey gətirin, qız ayağının üstünə örtsün. Otur, qızım, ayağını da uzat, narahat olma. Məni ağlamaq tutdu. Bu canıyananlığı 22 yaşında oğul itirib, meyitini geri ala bilməyən ana eləyirdi. Kənd qadını, ali təhsil, yüksək cəmiyyət görməyən qadın. Gəl, bundan sonra bu xalqın xislətindən baş aç, başa düş…
Nə jurnalist olduğumu dedim, nə yazmaq fikrimi bildirdim. Qonşu kimi, el adamı kimi danışdıq Mübarizin anası ilə. Hərdən oğlunun artıq həyatda olmadığını unudub, onun barəsində gülə-gülə, cuşa gəlib, əlini dizimə çırpa-çırpa danışırdı. Arabir oğlunun artıq öldüyünü xatırlayıb, qəhərdən boğulurdu, gözünün yaşını saxlaya bilməyib ağlayır, sonra gözünün nəmini yaylığının ucu ilə qurulayıb, təzədən danışırdı.
Hər şeyi danışdı mənə Şamama xala.
Sonra bibisi danışdı, sonra atası, sonra qardaşı…
Mübarizin doğulan günündən şəhid olana kimi keçdiyi bütün ömür yolunu. Əlbəttə, ana, ata, bibi, qardaş kimi bildikləri qədərini. Bir də ki, lap onu tanıyan bütün adamlar danışsın…
22 illik ömrə nə sığdırmaq olardı axı?
Biləsuvar rayonunun Əliabad kəndində, 1988-ci ilin fevral ayının 7-də dünyaya gəlib Mübariz. Ömrünün son illərini yaşayan Sovet İttifaqının kəndində, sovet kolxozunda aqronom işləyən Ağakərim kişinin sadə və kasıb ailəsində. Və həm də seyid ailəsində. Üç qardaş olublar – Bəhruz, Rəşad, Mübariz. Mübariz kiçiyi olub ailənin. Sarışın, qız kimi utancaq oğlan uşağı. Anası Şamama arvad çöl işinə, tarlaya, sahəyə işləməyə gedəndə böyük qardaşlarının yanında, həyətdəki qum topasının üstündə qoyub gedib Mübarizi. Hər gün də işdən qayıdanda balaca oğlunun elə oradaca oynadığını görüb. Böyüklər qonum-qonşunun həyətinə, qonşu uşaqları ilə oynamağa qaçanda belə, Mübarizin qum topasının üstündən tərpənməyib.
Gələcəyin Milli Qəhrəmanı bütün oğlan uşaqları kimi, boş siqaret qutularından «vaqon» düzəldib, təkbaşına «qatar-qatar» oynayıb.
Bir az böyüyəndən sonra da, bütün kənd uşaqları necə yaşayıbsa, eləcə yaşayıb Mübariz. Qardaşları ilə qoyun-quzu otarıb, həyət-bacadakı işlərə kömək eləyib, çöldə çalınan otu yığıb, kip daşıyıb, su gətirib. Anasının dediyinə görə, iş görəndə balaca olduğuna görə utanırmış. Böyük qardaşlarından daha güclü görünmək üçün, onlar bir kip aparanda Mübariz ikisini aparmağa çalışıb.
Qoyun-quzunu adətən, böyük qardaşı Bəhruzla otarırmış Mübariz. Bir dəfə örüşdə quzuları başlı-başına buraxıb iki qardaş. Başları çaydan balıq tutmağa qarışıb. Bəhruzun danışdığına görə, həmin gün çayda balıq o qədər bol olub ki, çoxlu balıq tutub, evdəkiləri sevindirmək istəyiblər. Gözdən uzaq qalan quzular da özlərini yulğunluğa verib. Və qardaşlar bir də dəhşətli mələrtiyə ayılıblar. Özünü tez quzulara çatdıran Bəhruz görüb ki, çaqqallar az qala hamısını yaralayıb. Qışqırıb, Mübarizi köməyə çağırıb. Qışqıra-qışqıra gələn Mübarizin səsi çaqqal sürüsünü ürküdüb. İki qardaş çomaq-çomağa verib, quzularını birtəhər xilas eləyə biliblər. Amma əksəriyyətinin yaralandığını görən Mübariz həmin gün ağlayıb:
- Qaqaş, biz niyə balıq tuturduq axı… bax, çaqqal quzularımızı yedi…
Mübarizin həmin vaxt 9 yaşı olub…
Altıncı sinfə qədər yaxşı oxuyub Mübariz. Əlaçı da demək olarmış. Məktəbdə yaxşı oxumağıyla yanaşı, həm də tərbiyəli, abır-həyalı olduğuna görə də seviblər onu. Müəllimlər də, şagirdlər də. Həmişə ən gücsüz, zəif uşaqlarla dostluq eləyib. Güclü uşaq gücsüzü döyəndə dayana bilməyib, qarşısındakıların sayı bir olsun, beş olsun, fərqi yoxdur, davaya qoşulub. Döyüb də, döyülüb də… əsas odu ki, haqsızlığa dözə bilməyib heç vaxt.
Altıncı sinifdən sonra dərsə marağı azalıb. Bu vaxta qədər də çox ünsiyyətcil, deyib-gülən olmayan uşaq daha da qaraqabaq olub, daha çox özünə qapanıb. Dərsdən soyuyub, kənd uşaqları, sinif yoldaşları ilə daha az vaxt keçirib. Anası demiş, yeməyini yeyib, həyət-bacadakı işlərini görüb, vəssalam. Dini kitablardan, hədislərdən başqa kitablara-filan marağı olmayıb. Onsuz da çox get-gəlli olmadığı, qonşuluqda yaşayan bibilərinin də evlərində ayağını kəsib. Sayı üçü keçən bibilərindən biri hətta qardaşı oğlunun artıq həyatda olmadığını unudub, ondan şikayətləndi də: «Böyük qardaşları bizə gəlirdi, amma o ayda-ildə bir dəfə gələrdi. Onda da qapıdan qayıdardı».
Yeniyetməlik çağındakı bütün oğlanlar kimi davalı filmlərə baxıb, Van Dammı, Silvester Staloneni, Brüs Lini kumir bilib, sevib, onlara oxşamaq istəyib. Başqa necə ola bilərdi axı: Bir yanında dünyanı xilas etməyə girişən film qəhrəmanları, bir yanda isə hər gün televizorda göstərilən faciəli kadrlar – Xocalı, 20 yanvar faciələri, qaçqın düşərgələri, çadır şəhərcikləri…
Ömründə bircə dəfə qol qaldırıb, oynayıb Mübariz. Toyda yox, toya gedən, çal-çağıra qoşulan deyilmiş. Ömründəki bircə dəfə oynamağı da birinci sinifdə oxuyanda, «Əlifba» bayramında olub. Qəfil o vaxtlar çox dəbdə olan, dillərdən düşməyən «Əsgər marşı»nı səsləndiriblər. Mübariz hamıdan birinci oynayıb o marşa. Üstəlik, atası Ağakərim kişini də oyuna dəvət eləyib. Zorla yerindən qaldırıb atasını. Məcbur «Əsgər marşı»na oynadıb kişini....
İdmanla uşaqlıqdan məşğul olmağa başlayıb. Qardaşı Bəhruz idmançı imiş. Ona deyib ki, məni də öyrət. Məktəbin idman zalında bir yerdə məşq eləməyə başlayıblar. Aylarla məşq eləyiblər. Sonra Bəhruz əsgər gedib. Və qayıdanda evin sonbeşiyini tanıya bilməyib: sısqa, cılız Mübarizin əvəzinə boy-buxunda, əzələdə özündən qat-qat iri, möhtəşəm bir oğlan çıxarıblar onun qarşısına. Qardaş həvəslənib:
- Bəlkə səni idman institutuna qoyaq? – deyib.
Mübariz isə etiraz eləyib:
- İdmançı, idman müəllimi olmaq üçün də savad lazımdı. Mənim savadım yoxdu axı. Çox da idmançı kimi bədənim var…
Və əsgərliyə də bu görkəmdə, bu gücdə, bu iradədə gedib Mübariz.
Cəbhə bölgəsinə düşmək istəyib. Ordumuzdakı bəzi «qeyri-rəsmi qanun»lardan yaxşı başı çıxan Mübariz evdəkilərə bərk-bərk tapşırıb ki, onun yaxşı yerə düşməyi üçün heç kimdən xahiş eləməsinlər. Heç kimə rüşvət təklif etməsinlər.
Əsgərliyini Bakıda çəkməli olub. Mübariz atasına zəng eləyib, «Məni bura pul verib, saldırdığını bilsəm, heç birinizi bağışlamayacam…» deyib.
Əsgərliyi də rahat keçib gələcək Milli Qəhrəmanın. Heç kimi incitməyib, heç kimdən də şikayətçi olmayıb. Nə evə zəng eləyib, nəsə istədiyi olub, nə bir problemi. Cəmi bircə dəfə də anasıyla atası onun yanına gedib. Bir qıraqda, yerdə süfrə açıb, oturub, hamılıqla bir tikə çörək yeyiblər. Və bir xatirə şəkli çəkdiriblər.
İki dəfə məzuniyyətə gəlib Mübariz əsgərliyini çəkəndə. Biri qanuni məzuniyyəti olub, birini isə ordudakı məşqlər zamanı şübhəli şəxsi uğurla yaxaladığına görə təşəkkür əlaməti olaraq veriblər. Hər iki məzuniyyətini evdə keçirib. Doyunca anası ilə qalıb, bibilərinə baş çəkib. Həyat yoldaşını itirib dul qalmış bibisinin oğlunu qucaqlayıb, cibinə pul qoyub. Və əsgərliyini bitirmək üçün təzədən Bakıya qayıdıb.
Elə əsgərliyi bitirəndən sonra da evə qayıdıb. Anası deyir: «Uşağım qızdan-gəlindən həyalıydı. Evdən başqa heç haranın yolunu tanımırdı». Namaz qılmağından əsgərlikdə də vaz keçməyibmiş. Hətta evə qayıdanda çantasında təzə, qəşəng bir canamaz da tapıb Şamama xala. Gözü düşüb canamaza, «bunu ver, anan namaz qılsın» deyib oğluna. Mübariz canamazını verməyib: «Bunu əsgərlikdə işlətmişəm. Toz-zad basıb, kirlidi. Sənə təzəsini alaram işləyəndə».
Bir aydan da az müddətdə dincəlib evlərində. Yenə həyət-baca, çöl-bayır işlərindən yapışıb, atasına, qardaşlarına kömək eləyib. Sonra keçmiş komandirinin vasitəçiliyi ilə Bakıda işə düzəlib. Banklardan birində mühafizəçi. Və 11 ay mühafizəçi işləyib. 600 manat maaş alırmış Mübariz. Tən yarısını özü xərcləyirmiş, tən yarısını evə göndərirmiş. Bir neçə dəfə rayona, doğmalarının yanına gəlib işləyəndə. Anasına söz verdiyi canamazı, bir dənə də jaket alıb. Atasına isə araqçın. Anasına aldığı jaket bir az dar olub. Məyus olub, amma anasını yenə sevindirmək istəyib: «Eybi yoxdu, pul verərəm, özün əyninə olanını alarsan» deyib. Dul bibisinin özünə, uşağına şirniyyat gətirib, pul verib. Bir dəfə də kəndə gələndə dindar xanımlar üçün baş örtüyü alıb anasına. Ana-balanın arasında yarıgerçək, yarızarafat dialoq belə olub:
- Namaz qılanda bunu örtərsən.
Anası bir tüllü-ipəkli baş örtüyünə, bir özünə, bir Mübarizə baxıb, gülüb:
- Qadan alım, bu incə-mincə qızlar üçündü, mənə yaraşmaz ki… neynək, saxlayaram, namaz qılan qız alarsan, ona verərəm.
- Yox, ana. Bunu yadından çıxart. Mən heç kimin qızın alıb, bədbəxt eləyə bilmərəm.
- Bıy, qadan alım, bədbəxt niyə eləyirsən? Nolub ki, sənə?
Mübariz susub. Və bir azdan:
- Mənim yolum ayrıdı… - deyib.
Bu söhbətdən bir az sonra qəfildən ərizəsini yazıb, könüllü işdən gedib. Evə qayıdıb, ata-anasına gizir olmaq niyyətini bildirib. Nə Ağakərim kişi, nə Şamama xala razı olmayıblar. İkisi də inad eləyib, fikrindən daşındırmağa çalışıblar. Mübariz gizir olmaq fikrindən dönüb, amma işinə qayıtmayıb:
- Mən orada demişəm ki, gizir olmağa gedirəm. İndi tüpürdüyümü nətəhər yalayım? Lap fəhləlik də eləyərəm, amma həmin işə qayıtmayacam.
Dediyi kimi də eləyib. Bir müddət tikintidə fəhlə işləyib. Sonra idman zallarının birində məşqçi kimi çalışıb. Sonra da Bibiheybət məscidində bağban işinə düzəlib. Qardaşı Bəhruzla bir yerdə.
Qadın-qız məsələsində inanılmaz dərəcədə möhkəm biri olub Mübariz. Deyilənə görə nə məktəbdə, nə sonralar başını qaldırıb, bir qızın üzünə də baxmayıb. İş yerində, şəhərdə, kənddə qızlar nə qədər ona tərəf boylansalar da, özünü o yerə qoymayıb. Qardaşı Bəhruzun dediyinə görə sevdiyi bir qız da olmayıb. Hətta Bibiheybət məscidində nəzir qoymağa, dua elməyə gələn qızlar onu cırnadırmışlar utancaqlığına görə. Danışdırmaq, zarafatlaşmaq istəyirmişlər. O isə qulaqlarına qədər qızarıb, uzaqlaşır, qızlar çıxıb gedənə qədər hücrələrdən birində gizlənirmiş. Bir dəfə qardaşı ilə birlikdə metro ilə harasa gedirmişlər. «Sahil» stansiyasında çox gözəl bir qız minib qatara. Mübarizə bir dəfə baxıb və gözünü çəkməyib. Bəhruz deyir ki, «Mübariz qızın ona baxdığını heç görmürdü də. Heç vaxt başını qaldırmırdı axı». Bir neçə stansiyadan sonra hövsələsi tükənən qız özü yaxınlaşıb Mübarizə. Tanış olmaq istədiyini deyib. Mübariz yenə qulaqlarına qədər qızarıb:
- Bacı, çıx get, mən sən deyən adamlardan deyiləm. Məni günaha batırma.
Qız pərtliyindən, heyrətindən və hirsindən min rəng alıb, çıxıb gedib.
Mübariz isə:
- Qızlarla tanış olub, aldadan, gün keçirən oğlanlara yazığım gəlir. O dünyada bunun cavabını necə verəcəklər? – deyib qardaşına.
Altı aydan sonra yenə kəndə qayıdıb Mübariz. Gizir olmaq istədiyini deyib, valideynlərinin razılığını istəyib. Bu dəfə anası yumşalıb. Kişini də o dilə tutub:
- Ta görürsən ki, əl çəkmir. Qoy getsin. Bəlkə elə naxışı bunda gətirəcək?
Və bununla da gələcək Milli Qəhrəmanın gələcək şücaətinin bəxti açılıb.
Altı ay gizirlik kursu oxuyub. Altı aydan sonra evə zəng eləyib:
- Ata, yuxuda sənin əl-ayağını öpdüyümü görmüşəm. Deyəsən yaxşı yerə düşəcəm axı. Evdə hamı sevinib. Onun «yaxşı yer» deyəndə nəyi, haranı nəzərdə tutduğunu heç kim bilməyib. Və bir neçə gündən sonra Mübarizin cəbhə bölgəsinə düşdüyü məlum olub. İşinə başlayandan bir ay sonra evə gəlib Mübariz. Anası boynunu qucaqlayıb. Sonra çantasını alıb, özü aparıb evə. Ana-bala qol-boyun getdikləri yerdə Mübariz anasının ağladığını görüb.
- Ay ana, sən niyə ağlayırsan?
- Heç, ay Mubu, darıxmışdım səndən ötrü, Allah haqqı elə ona görə… vallah, başqa heç nə yoxdu…
Səhəri gün anası onun paltarlarını günə sərib:
- Biti-birəsi dağılsın. Sən təmizlik xoşlayansan, bala.
Mübariz gülüb:
- Təmizlik xoşlayanda bit-birə olar? Əziyyət çəkmə bit-birə yoxdu. Amma yenə sən bilən məsləhətdi, nə qədər istəyirsən, günə sər.
Sonra evdəkilərlə söhbət eləyib, deyib ki, nəyi gözləyirsiniz, böyük qardaşlarımı evləndirin. Məndən sizə haray yoxdu, məni bilmək olmaz. Atası özünü tox tutub:
- Neynək? Üç oğlum var, qoy biri də vətənə fəda olsun…
Mübariz heyrətə gəlib:
- Nə? Nə dedin? Onu bir də de!
Və atasına həmin cümləni bir dəfə də dedizdirib. Bu dəfə telefona yazıb atasının «bəyanatı»nı. Və əlində sübut kimi saxlayıb.
Mən onlara gedən gün bölmədən Mübarizin paltarlarını, şəxsi əşyalarını gətirmişdilər. Əşyalarının arasında onun telefonu, telefonda da həmin yazı vardı…
Bir dəfə də başqa nömrə ilə atasına zəng eləyib. Başqa səslə atasına «Mübarizin dostudu danışan. Mübariz ermənilərin üstünə getdi.. döyüşə… ölməyə…» deyib. Dəstəyin bu başında atasının iniltisini eşidib. Ürəyi dayanmayıb. Tezcə: «Ata, mənəm, Mübarizdi! Narahat olma, zarafat eləyirdim… bağışla, bilmirəm, niyə ağlıma belə bir şey gəldi…».
Sonra könüllü şəkildə ərizə yazıb, sərhəd bölgələrindən ermənilərlə ən yaxın olanına salınmağını xahiş eləyib… və… və gerisi hamınıza məlumdu…
Şamama xala Mübarizlə çəkilən bütün şəkillərini göstərdi mənə. Bircə-bircə, yorulmadan, arada gülüb, arada ağlaya-ağlaya, bütün şəkillərin tarixçəsini izah eləyə-eləyə. Beşini seçdim o şəkillərin arasından. Uşaqlıq şəkli, yeniyetməlik vaxtı, əsgərlik illərindən, məşq vaxtından çəkilmə və xidmət başında olan beş şəkil. Ömrünün beş dövrünün şəkillərini.
22 ilə bu beş dövrdən başqa nə sığışdırmaq olardı ki?
Söhbətimizi bitirəndən sonra gözüm həyətdə, Mübarizin böyüdülmüş şəklinin altındakı masanın üstünə qoyulmuş xatirə dəftərinə sataşdı. Yasa gələnlər ürək sözlərini yazmışdılar. Dəftəri vərəqlədim. Gözümə tanış ad dəymədi. Hərbçilərin, dindarların, kənd camaatından kimlərinsə ürək sözləri idi…qələmi götürdüm…
Bayaq, evdə, Şamama xalanın yanında bir şəklin keçmişdi əlimə, Mübariz. 19 yaşının, əsgərlik vaxtının şəkli. Hələ çox əzələli, hələ belə nəhəng görünmədiyin şəklin. O şəkildə gözəl olan, cazibədar olan ancaq sənin üzün, baxışlarındı. Üzündəki təmizlik, saflıqdı. Şəklinə baxıram: bütün ölkəyə, bütün doğmalarına qısqanası üzün varmış o yaşda. O şeyləri ki, sənin barəndə mənə danışıblar, onlardan bildiyim, gəldiyim bir qənaət var: yeddi yaş balaca idin məndən, amma yeddi yaş böyük olsan da, sevməzdin məni. Yeddi ömür qarşına çıxıb, yeddisində də sənə vurulsaydım, yenə sevməzdin. Sənə zəng eləməkdən yeddi telefon köhnəltsəm, yetmiş min sevgi məktubu yazsam, yenə sevməzdin. Sənin yolun başqa idi, sənin həsrətin, sənin sevgin başqa idi. Bəzən elə şeylər olur ki, sən onu dəyişməkdə aciz qalırsan. Sənə başını aşağı salıb, yaşamaqdan başqa heç nə qalmır, vəssalam. Ən çətini də elə budur. Yaşamaqdan başqa heç nə eləyə bilmədiyini bilə-bilə yaşamaq. Sən başını aşağı salıb, yaşaya bilmədin, başını dik tutub, həlak oldun.
Bizim mübarizələrimiz çox fərqliydi, bəlkə də bir-birinə düşmən idi, Mübariz. Amma üsul nə olur-olsun, nəticə nə olur-olsun: hər zaman şanlı mübarizələrdə!
İçimdən gələnlərin hamısını bura, sonuncu cümləni isə atan Ağakərim kişinin həyətində, sənin şəklinin altında qoyulmuş dəftərə yazdım.
Mübarizin şücaət və ölüm xəbərini eşidəndə mən Biləsuvar rayonunda idim. Tiflis səfərimdən bəri qırsaqqız olub, yaxasından qopmadığım və elə bu günə qədər də özümlə ora-bura sürüdüyüm rəfiqəm, gürcü qızı Natia ilə mərkəzi aranın qorabişirən istisində yanıb qovrula-qovrula yaşamaqla məşğul idik. Mübarizin xəbərini isə şəhidin xəbəri çıxar-çıxmaz «Mübariz olaq!» şüarını çeynə-tüpürə çevirmiş telekanallarımızın birindən eşitdim. Və ağlıma ilk gələn sual bu oldu: «Görəsən, Mübarizin adı Sakit olsa idi, bu kanalın devizi necə olacaqdı? »
|